Azərbaycanda üst geyimlərin istehsalı kəskin şəkildə azalıb. Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkəmizdə 342,2 min ədəd üst geyim istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 305,4 min ədəd və ya 47,2 faiz azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 647,6 min ədəd təşkil edib.
Bəs, görəsən, bu azalma nə ilə bağlıdır? Ümumiyyətlə, Azərbaycanda yüngül sənayenin inkişaf etdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?
İlk əvvəl nəzərə çatdıraq ki, geyim istehsalının aid olduğu yüngül sənaye sektoru bir çox ölkələrin büdcələrinin əsas gəlir mənbəyidir. Hazırda ümumdünya tekstil, geyim və geyim aksessuarları istehsalının illik həcmi 4 trilyon dolları ötməkdədir. Bunun böyük bir hissəsi Asiyada istehsal olunur. İstifadə olunan xammala əsasən tekstil sahəsi bir neçə yerə bölünür: pambıq, yun, ipək, kətan, kimyəvi saplardan toxunan və trikotaj. Ötən əsrdən etibarən tekstil sənayesində kimyəvi xammalın rolu artmağa başlayıb. Belə ki, dünya tekstil sənayesi hər il 45 milyon ton civarında əsas xammaldan istifadə edir ki, bunun da təxminən 50 faizi sintetik və süni liflərin, 45 faiz pambığın, 4-5 faiz ipək, yun və digərlərinin payına düşür. Azərbaycanda tekstil sənayesi müstəqillik dövründə ciddi tənəzzül yaşayan sahələrdən biridir. Halbuki XIX əsrin sonunda Zaqafqaziyada ən böyük pambıq parça fabriki və Azərbaycanda ilk tikiş fabriki Bakı şəhərində yaradılıb. Məlumat üçün qeyd edək ki, Sovet dövründə də bu sahə xeyli inkişaf etdirilib.1925-ci ildə Gəncədə mahud fabriki istifadəyə verilib. Tut bağlarının salınması və baramaçılığın inkişafı sayəsində Azərbaycanda ipək sənayesi formalaşıb və ipəkçiliyin mərkəzi iqlim şəraitinə görə Şəki şəhəri seçilib. 1931-ci ildə burada ipək kombinatı fəaliyyətə başlayıb. Daha sonra “Sumqayıt Toxucu”, H.Z.Tağıyev adına Toxuculuq tikiş kombinatı, “Mingəçevir Toxucu”, “Gəncə Toxucu”, “Şəki-tikiş”, “Bakı Toxuculuq Qalantereya”, “Sumqayıt Xovlu İplik”, “Puta-Əyrici”, “Şəki Toxucu Xırdavat", “Bakı Toxucu”, “Bakı Tekstil Fabriki”, “Bakı Tikiş Evi”, “Bakı Toxucu-Tikiş”, “Bakıxanov Trikotaj kimi müəssisələr yaradılıb. Müstəqillik illərində bu müəssisələrin böyük əksəriyyəti özəlləşdirilib, fəaliyyətini dayandırıb. 2015-ci ildən bəri Azərbaycanda tekstil sahəsinin inkişafına yönəlik addımlar atılmaqdadır. Belə ki, tekstil sənayesinin təbii xammal bazası olan pambıq istehsalının artırılması üçün genişmiqyaslı tədbirlər görülür. Ancaq buna baxmayaq hələ də Azərbaycanın geyim sənayesi qonşu ölkələrlə müqayisədə geridə qalıb. Bu sahə üzrə müəssisələr yaransa da, onlar nəinki xarici bazara, heç daxili bazarda da öz yerini tuta bilməyib.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Əli Əlirzayev deyib ki, əslində Azərbaycanda yüngül sənayenin inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur: “Bu resurslara söykənən sahədir və resurslar da biz də var. Yəni, ölkəmizdə bu sahə üzrə kifayət qədər xammal bazası mövcuddur. Olmayan xammalı da yetişdirmək üçün kənd təsərrüfatı potensialımız mövcuddur. Kənd təsərrüfatında xammal bazasının yaradılması, onun emala göndərilməsi, emaldan sonra isə hazır məhsul olaraq istehsal edilməsi zəncirvari və bir-birilə bağlı olan proseslərdir. Sadəcə, bu işi inkişaf etdirmək lazımdır. Digər tərəfdən, indi insanlar geyim, dizayn və keyfiyyət kimi məsələlərə daha çox üstünlük verir. Ona görə də bu bazara daxil olan şirkətlər istehsalı keyfiyyətli və müasir trendlərə uyğun qurmalıdır. Geyim sənayesinin inkişafında bu amil vacib faktordur. Azərbaycan bazarı isə bunun üçün miqyas baxımından qismən kiçik bazardır. Yəni miqyas baxımından Azərbaycan bazarı rəqabətli, keyfiyyətli məhsul istehsalı üçün lazım olan həcmdə deyil. Ona görə də investisiyanın qoyulmasını iqtisadi cəhətdən səmərəsiz edir”.
Mütəxəssis həmçinin qeyd edib ki, yerli bazarda geyim sənayesi üzrə rəqabət aparacaq brendi formalaşdırmaq çətindir: “Əhali niyə daha çox Türkiyə istehsalı olan məhsullara üstünlük verir? Səbəb çox sadədir. Çünki Azərbaycanda istehsal olunan məhsuldan ucuz təklif olunur. Məhsul aşağı qiymətə satılmalıdır ki, alınsın. Amma yerli şərtlər daxilində bu sahibkar üçün sərfəli olmur. Geyim üçün lazım olan xammalın idxal olunması daxildə həmin sənayenin inkişafına imkan vermir. Çünki bu sahə üzrə lazım olan əksər xammal idxal edilir. Bu da məhsulun maya dəyərinin baha olmasına gətirib çıxarır. Nəticədə Azərbaycan məhsulları bazarda daha baha qiymətə təklif olunur və bu da həmin məhsullara olan təlabatı azaldır”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli də bildirib ki, Azərbaycanda yüngül sənaye zəif inkişaf edir: “Statistikada qeyd olunan üst geyim ki var, hesab edirəm ki, burada söhbət üniformalardan gedir. Çünki Azərbaycan bazarında bu istiqamətdə əsas pay Türkiyə, Çin, İtaliyaya aiddir. Rəqiblərimiz güclü olduğu üçün Azərbaycan bu sahədə adını çəkdiyim ölkələrə uduzur. Amma təbii ki, bazarda mövqeləri bərpa etmək mümkündür. Lakin brendlə əlaqədar məsələlər var ki, biz bu istiqamətdə rəqabət apara bilmərik. Tutaq ki, dünyaca məşhur brendlərə rəqabət yaratmaq çətin məsələdir. Biz həmin brendlərlə heç vaxt rəqabət apara bilməyəcəyik. Amma məsələn, əsgər formaları, işçi formaları və s. bu sahədə işlər görmək mümkündür. Və yerli sexlər də əslində bu sahədə uğurlu fəaliyyət göstərirlər”.
Ust geyim istehsalında azalmanın səbəblərinə gəlincə, ekspert bildirib ki, Azərbaycanda bu sektorda istehsal onsuz da çox deyil: “Statistik məlumatlarda bu ilin 9 ayı üzrə təxminən 48 fazə yaxın azalma qeyd olunub. Əslində 48 faiz böyük rəqəm kimi görsənir. Çünki istehsalın həcmi kiçikdir. Ona görə də bu sahədə azalma ölkə iqtisadiyyatı üçün ciddi problem sayılmır”.